
Zaqatala, Balakən, Qax və Şəki vilayətlərinin böyük din xadimi olmuş Şeyx Şahsəlim Əlibəy oğlu Ərəblinskinin nəvələri ELMAN BƏŞİR OĞLU BABAYEV (ƏRƏBLİNSKİ) 1942-ci ildə və ELXAN BƏŞİR OĞLU BABAYEV (ƏRƏBLİNSKİ) 1947-ci ildə Azərbaycan Respublikasının Zaqatala şəhərində ziyalı ailəsində anadan olmuşdular.
ELMAN BƏŞİR OĞLU BABAYEV (ƏRƏBLİNSKİ)
Elman Bəşir oğlu Babayev 1942-ci ildə Zaqatala şəhərində ziyalı ailəsində anadan olmuşdur.
Orta təhsili Şuşa şəhərində Tam orta internat məktəbində almışdır. Sonra təhsilini İxtisaslaşdırılmış Texniki Məktəbdə davam etdirmişdir. Məktəbi bitirəndən sonra ADNA Energetika fakultəsinə qəbul olunmuşdur.
Ali təhsili bitirəndən sonra Belorusiyada hərbi xidmətdə olmuşdur.
Hərbi xidmətdə özünü nümunəvi hərbçi kimi göstərmiş və Komandanlığı tərəfindən Ali Partiya Məktəbinə oxumağa göndərilmişdi. Məktəbi müvəffəqiyyətlə bitirəndən sonra Sovet Ordusunda bir neçə məsuliyyətli vəzifələrdə işləmiş, sonra ailə vəziyyətinə görə mülki xidmətə qayıdıb, uzun illər energetika sahəsində adi ustadan baş energetik vəzifəsinə kimi yüksəlmişdir.
Şahmat üzrə ustalığa namizəd, Sualtı üzgüçülük və sambo üzrə idman ustası dərəcəsini almışdır, dəfələrlə Respublika Çempionu adına layiq görülmüşdür.
İgidliyə Görə (За Отвагу), Rəşadətliyə görə (За Доблесть), Əmək qəhrəmanı (Герой труда) və digər mükafatlara layiq görülmüşdür.
1990-cı ildən Allahın müqəddəs adlarından birini daşıyan “XALİQ” kitabı üzərində işə başlamışdır. Kitabda əks olunan bütün məlumatlar müəllifə yuxuda göndərilmişdir.
Dini-etiqad sahəsində xüsusi bilikləri və təhsili olmayan bir şəxs tərəfindən belə zəngin və mənəvi ədəbi işin yazılması bu günə kimi böyük maraq və heyranlıq doğurur.
“XALİQ” kitabı Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən təşkil olunan VI Bakı Kitab Bayramı çərçivəsində 2005-ci ilin “ƏXLAQ KİTABI” MİLLİ KULTUROLOJİ MÜKAFATI ilə təltif olunmuşdur
Elman Bəşir oğlu Babayev (Ərəbinski) 2017-ci ildə fevralın 11-də Bakı şəhərində dünyasını dəyişib.
ELXAN BƏŞİR OĞLU BABAYEV (ƏRƏBLİNSKİ)
Elxan Bəşir oğlu Babayev (Şeyx Şaxsəlim Əlibəy oğlu Ərəblinskinin nəvəsi) 11 iyun 1947-ci ildə Zaqatala şəhərində ziyalı ailəsində anadan olub. İbtidai sinfi Şuşa şəhərində oxumuş, sonra Naxçıvan M.R-nın Ordubad şəhərinə gəlmiş və 1966-cı ildə orta məktəbi orada qızıl medalla bitirib. 1967-ci ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutuna qəbul olunmuş və 1973-cü ildə oranı bitirərək mühəndis elektrik ixtisasını almışdır.
1966-1973-cü illərdə 4 №-li Xüsusiləşdirilmiş tikinti quraşdırma idarəsində fəhləlikdən başlamış, 6-cı dərəcəyə kimi elektrik-quraşdırıcısı ixtisasını almış, sonra iş icraçısı, mühəndis və baş mühəndis vəzifələrində işləmişdi.
1971-ci ildə sərbəst güləş üzrə idman ustası adını almışdı.
1973-1974-cü illərdə hərbi xidmətdə olmuşdu.
1975-1978-ci illərdə B.Sərdarov adına Maşınqayırma zavodunda sex rəisi və-zifəsində işləmişdi.
1978-ci ildə köçürmə yolu ilə «Cənubneftavtomatika» trestinin idarəsində müdir müavini vəzifəsində çalışmışdı.
1980-ci ildə müasir energetikanın inkişafı sahəsində dissertasiya müdafiə edib, texnika elmləri namizədi – alimlik adını almışdı.
Köçürmə yolu ilə 1980-1990-cı illərdə Azərbaycan Neft, Sənaye Elmi-Tədqiqat Layihə İnstitutunun Sınaq-Təcrübə İstehsalat zavodunda direktor vəzifəsində işləmişdi. 1990-cı ildən Elmi-İstehsalat Müəssisəsi yaradaraq, hal-hazıra kimi baş direktor vəzifəsində ona rəhbərlik edir.
Üç ixtiranın, 100 – dən çox səmərələşdirici təkliflərin müəllifidir. Dəfələrlə müxtəlif mükafatlarla təltif olunmuşdu.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin üzvü, Nərimanov rayon şöbəsinin sədr müavinidir.
Ailəlidir. İki uşaq atasıdır.
“Xaliq” kitabının müəllifidir.